16:37, 12 Oktyabr 2018 (Cümə) 260

Altı saytın bloku götürülüb

Altı saytın bloku götürülüb
Azərbaycan ərazisindən girişinə 2017-ci ilin sonlarından məhdudiyyət qoyulmuş altı saytın blokunun aradan qaldırıldığı bildirilir.

Bu haqda Meydan TV-yə saytların sahibi, jurnalist İkram Rafiqoğlu bildirib.
 
 

Söhbət realliq.info, realliq.az, realliqinfo.org, realinfo.az, realliqinfo.com və realliqinfo.az saytlarından gedir.

İ.Rafiqoğlunun sözlərinə görə, təsisçisi olduğu realliq.info saytı 2017-ci ilin noyabr ayında bloklanıb. Bunun ardınca jurnalist realliq.az saytını yaradıb və blok edilmiş saytın məzmunu həmin resursa transfer edilib. Ancaq bir neçə gün sonra həmin sayt da blok edilib.

"Daha sonra realliqinfo.org, realinfo.az, realliqinfo.com və realliqinfo.az saytlarını yaratdıq. Ancaq onların hər biri yaradıldıqdan bir müddət sonar blok edildi”, deyən jurnalistin sözlərinə görə, saytların bloklanması ilə bağlı heç bir məhkəmə qərarı olmayıb.

İ.Rafiqoğlu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bloklanmanın səbəbini öyrənmək üçün müraciət edib, ancaq nazirlik saytları bloklamadığını bildirib.

"Ən sonda əlaqəli bütün qurumlara, o cümlədən Prezident Adminstrasiyasına müraciət etdim. Bir müddət əvvəl məni administrasiyanın ictimai-siyasi şöbəsində qəbul etdilər. Orda mənə dedilər ki, saytda dövlətçilik əleyhinə yazılar getdiyi üçün "Delta Telekom” şirkətinə göstəriş veriblər və saytlarım bloklanıb. Eyni zamanda bildirdilər ki, blok qaldırılacaq”, deyən jurnalistin sözlərinə görə artıq saytların altısının da bloku götürülb.