17:30, 05 Dekabr 2018 (Çərşənbə) 101

Arıçılara pul paylanıb

Arıçılara pul paylanıb
Kənd Təsərrüfatı Subsidiyaları üzrə Respublika Komissiyası dekabrın 5-də 1249 fiziki və hüquqi şəxsə arıçılıq üzrə subsidiya ödənilməsi barədə qərar verib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, komissiya arıçılıqla məşğul olan subyektlərə hər arı ailəsi üçün 10 manat olmaqla 315650 manat verib. Subsidiyalar ölkənin 11 bölgəsindən olan arıçılara paylanıb.

Bundan daha öncə 159 arıçı 4532 arı ailəsinə görə subsidiya alıb.

Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya verilməsinə 2018-ci ildən etibarən başlanıb.

Subsidiyaların verilməsi Azərbaycan prezidentinin imzaladığı «Arıçılığın inkişafının stimullaşdırılması haqqında» sərəncama və Nazirlər Kabinetinin müvafiq qaydasına əsaslanır.

Azərbaycanda müxtəlif kənd təsərrüfatı sahələrinin dövlət tərəfindən dəstəklənməsi 2016-cı ildən prioritet məsələyə çevrilib.

Həmin il prezident İlham Əliyev pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi, eləcə də 2017-ci ildə şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında sərəncamlar verib.