14:31, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 77

Azərbaycan bərabərsizlik indeksində 116-cıdır

Azərbaycan bərabərsizlik indeksində 116-cıdır
OXFAM humanitar təşkilatı 2018-ci il üzrə Bərabərsizliyin Azaldılması Öhdəliyi İndeksini açıqlayıb. Bu reytinq hökumətlərin varlılar və yoxsullar arasındakı fərqi azaltmaq yönündə gördüyü işləri dəyərləndirir.

Hazırda 157 ölkəni əhatələyən indeks, hökumətlərin sosial xərclər, vergi və əmək hüquqları ilə bağlı gördüyü işlərə qiymət verir. Bu üç məsələnin uçurumu azaltmaqdan ötrü vacib olduğu vurğulanır.

Azərbaycan 157 ölkə arasında 116-cı yerdədir. Qonşulardan Ermənistan 61, Gürcüstan 49, Rusiya 50-ci yerdə qərarlaşıb.

Birləşmiş Ştatlar 23, Çexiya Respublikası 28-ci pillədədir.

Builki indeks Cənubi Koreya, Namibiya və Uruqvayın bərabəsizliyin azaldılmasından ötrü güclü addımlar atdığını üzə çıxarıb. Hindistan və Nigeriya isə ən pis göstəriciləri ortaya qoyurlar.

Zəngin ölkələr içində Birləşmiş Ştatların bərabərsizlik uçurumunu qapatmaqdan ötrü can-başla çalışmadığı qeyd edilir.

Ən yaxşı göstəriciləri ilə ilk beşliyi Danimarka, Almaniya, Finlandiya, Avstriya və Norveç tutub.

Siyahının dibində isə aşağıdan yuxarıya Nigeriya, Özbəkistan, Haiti, Çad və Sierra Leone gəlir.

Oxfam bildirir ki, neftlə zəngin Nigeriya uşaq ölümü səviyyəsini azalda bilməyib, hər 10 uşaqdan biri 15 yaşına çatmamış ölür, əmək hüquqları mütəmadi pozulur, varlılar vergidən yayınır.

Varlı ölkələrdən Sinqapur 149-cu yerdədir, əsas vergi göstəricisini 2 faiz qaldırıb, yuxarı həddi isə 22%-də saxlayıb.

Monqolustan isə qənaət proqramı çərçivəsində uşaq müavinətini kəsib.

Azadlıq Radiosu