18:52, 03 Aprel 2019 (Çərşənbə) 551

Azərbaycanda ixtisaslaşdırılmış məhkəmə yaradılır

Azərbaycanda ixtisaslaşdırılmış məhkəmə yaradılır
Prezident İlham Əliyev aprelin 3-də "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzalayıb. 

Fərmanda deyilir ki, ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

"Ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır,”- sənəddə qeyd olunur.

Fərmanda, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə hakimlərinin ümumi sayı 200 nəfər artırılacaq.

Fərmanda o da qeyd edilib ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır.

Həmçinin Məhkəmə-Hüquq Şurasında qaynar xətt yaradılacaq.

Əbülfət Baxşəli