Gəncə olayları zamanı criminal.az saytında yayılmış məlumatlarla bağlı cinayət işinin istintaqı başa çatıb.
Bu gün, dekabrın 12-də saytın baş redaktoru Anar Məmmədov və vəkili Bakı Şəhər Prokurorluğunda cinayət işi materialları ilə tanışlığı başa çatdırıblar.
Bu barədə AzadlıqRadiosuna A.Məmmədovun özü məlumat verib. Onun deməsinə görə, vəkili tanışlıq mərhələsində bəzi vəsatətlər verib. Həmin vəsatətlər cinayət işinə xitam verilməsi ilə bağlı olub. Dekabrın 12-də vəsatətlərin təmin edilmədiyi A.Məmmədov və vəkilinə elan edilib.
Bundan bir gün əvvəl, dekabrın 11-də də A.Məmmədov və vəkili cinayət işi materialları ilə tanış olmaqdan ötrü Bakı Şəhər Prokurorluğunda olmuşdu.
Cinayət işi bundan sonra qanunvericiliyin tələbinə uyğun olaraq məhkəməyə göndərilməlidir. A.Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacağı gözlənir.
A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Məhkəmə ittihamları təsdiqləsə, A.Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı. İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminal.az saytına girişə məhdudiyyət qoyulmuşdu. A.Məmmədov ittihamları rədd edir.
Sui-qəsd nəticəsində ağır yaralanan E.Vəliyev sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.