12:11, 08 Avqust 2018 (Çərşənbə) 232

İraq lideri İrana sanksiyalarla razı deyil

İraq lideri İrana sanksiyalarla razı deyil
İraqın baş naziri Haidar al-Abadi avqustun 7-də deyib ki, Birləşmiş Ştatların bu həftə İrana bərpa etdiyi sanksiyalarla razı deyil, amma ölkəsinin maraqlarını qorumaqdan ötrü onlara əməl edəcək.

"Prinsipcə, regionda sanksiyalara qarşıyıq. Blokadalar və sanksiyalar cəmiyyətləri dağıdır, rejimləri zəiflətmir”, – o, Bağdadda mətbuat konfransında deyib.

"Onları strateji səhv, yanlış sayırıq, amma xalqımızın maraqları naminə onlara əməl edəcəyik”, – baş nazir bildirib.

ABŞ prezidenti Donald Trump xəbərdarlıq edib ki, Tehranla iş görən şirkətlər Birləşmiş Ştatlar bazarına buraxılmayacaq.

İraq 1990-cı illərdə, Saddam Hussein-in idarəçiliyi dövründə 12 il iqtisadi boykota məruz qalıb. Bağdad islamçı ekstremistlərə qarşı müharibədə Vaşinqtonla müttəfiqdir, Tehranla isə hərtərəfli mədəni və ticari əlaqələri var.

Şiələrin rəhbərlik etdiyi İran İraqın siyasi işlərində yaxından iştirak edir və ötən il İslam Dövləti ekstremist qruplaşmasının məhvində böyük rol oynamış şiə döyüşçüləri maliyyələşdirir.///Azadlıq Radiosu