15:45, 08 Fevral 2019 (Cümə) 232

İxrac da artıb, idxal da

İxrac da artıb, idxal da
2018-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. 113 ölkəyə məhsul ixrac olunub, 178 ölkədən idxal edilib.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) bu gün, fevralın 8-də yaydığı məlumatda yazılıb.

Məlumatda bildirilir ki, 2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 755.9 milyon ABŞ dolları olub. İxracın dəyəri 20 milyard 290.9 milyon dollar, idxalın dəyəri 11 milyard 465 milyon dollar təşkil edib.

«Nəticədə 8 milyard 825.9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30.9 faiz, o cümlədən ixrac 31.1 faiz, idxal 30.5 faiz artıb. Real ifadədə isə dövriyyə 0.5 faiz, o cümlədən ixrac 0.6, idxal 0.2 faiz artıb», - DSK bildirir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 30.2 faizi İtaliyaya, 9.4 faizi Türkiyəyə, 6.7 faizi İsrailə olub. İdxalda isə 16.4 faizlə lider Rusiyadır. Sonra Türkiyə, Çin və başqa ölkələr gəlir.

2018-ci ildə 2017-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22.4 faiz, kartof 15.6 faiz, təbii üzüm şərabları və üzüm suslosu 1.8 dəfə, pambıq lifi 2.4 dəfə artıb.

İdxalda isə quş əti, onun əlavə məhsulları 32 faiz, minik avtomobilləri 2.3 dəfə, sement, sement klinkerləri 36.2 faiz çoxalıb.