12:43, 09 Oktyabr 2018 (Çərşənbə axşamı) 101

"Lifttəmir" idarəsinə qarşı əlavə ittiham irəli sürülüb

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan «Lifttəmir» İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, bunu bu gün, oktyabrın 9-da keçirdiyi mətbuat konfransında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev vurğulayıb ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Birliyin direktoru Q.Şükürov oktyabrın 5-də vəzifədən azad edilib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi "Lifttəmir" İstehsalat Birliyində baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmışdı.