02:19, 16 Noyabr 2018 (Cümə) 195

“Mübarizəyə davam edəcəyəm” - İlhan Aşkın

“Mübarizəyə davam edəcəyəm” - İlhan Aşkın


/ DÜNYA
Hollandiya-Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri İlhan Aşkın iki il öncəki çıxışında "Qarabağ erməniyə məzar olacaq” dediyi üçün 120 saat iş cəzası və 1 ay şərti həbs cəzası almışdı. 

Məhkəmənin qərarına etiraz edən İ.Aşkın təxminən bir ay əvvəl hakim qarşısına çıxarılmışdı. Bu gün, noyabrın 15-də məhkəmə  son qərarını verib.

İ.Aşkın hadisə ilə bağlı "Facebook” hesabında açıqlama yayıb.

Açıqlamada deyilir: "Oktyabrın 17-də baş tutmuş məhkəmənin qərarını vəkilim bu gün mənə bildirdi. Təəssüf ki, nəticə bizi məmnun etmədi. Daha öncəki məhkəmə prosesində verilmiş 120 saat iş və şərti həbs cəzam təsdiqləndi”. 

İ. Aşkın verilmiş qərardan Ali məhkəməyə şikayət edəcəyini vurğulayıb. 

"Hollandiyada son məhkəməm baş tutacaq. Orada da bir şey əldə etməsək, insan haqları məhkəməsinə müraciət etmək üçün Strasburqa gedəcəyəm. Dayanmaq yoxdur. Yola davam edəcəyəm”, - İ. Aşkın əlavə edib.

Türkiyə mediasının yazdığına görə, onu məhkəməyə Hollandaiyada yaşayan erməni millətçiləri verib. Baş verən olaya Türkiyə və Ermənistan media orqanları geniş yer versələr də, Azərbaycan mediasında məlumat əksini tapmayıb. 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi də hələ ki məsələyə münasibət bildirməyib. 

Pərvanə Qurbanlı
Toplum.Tv