16:45, 15 Aprel 2019 (Bazar ertəsi) 127

Repçi: "Həbsim qanunsuzdur"

Repçi:
Daxili İşlər Nazirliyi (DİN) reperin həbs edilməsi ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat xidmətinin verdiyi  açıqlamada bilirilib ki, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb.

Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Nəticədə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, "Rüzgar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilib. 

O, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib.

DİN-in açıqlamasına görə, A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. 

O, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

Aydın Hüseynovun "facebok" profilindən həbs olunması ilə bağlı açıqlama verilib: "Dinləyicilərimi və bütün Azərbaycan yeni musiqi dalğasının dinləyici və musiqiçilərini "Musiqi həbs oluna bilməz” deməyə çağırıram. Bunu mənim üçün deyil, yeni Azərbaycan musiqisi üçün edin. Bu gün mənəm, sabah sizsiniz. Mütləq qapınız döyüləcək. Bu məsələni qəti şəkildə siyasətə çevirməyin. Biz siyasət adamları deyilik. Musiqiçiyik, sənət adamlarıyıq. Yaradıcı insanlarıq. Siyasət bizim meydanımız deyil”.

Repçi həpsinin qanunusuz olduğunu da bildirib: "Məni həbs etməklə, Azərbaycan Respublikası Konstitutsiyasının 51-ci maddəsi pozulub. Bu maddəyə görə, hər kəsin yaradıcılıq azadlığı var, dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Mahnıda isə terror, irqçilik, ölüm, dövlət çevrilişi kimi heç bir şey təbliğ olunmur. Belə olduğu halda mənim həbsim qanunsuzdur. Qanun pozuntusuna yol verən kimlərdir, bilmirəm. Lakin susmaq olmaz”. 

Aprelin 3-də Vüqar Səda ləqəbli  meyxanaçı Vüqar Abdulayevdə eyni maddə ilə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. 

Son zamanlar onun oxuduğu meyxanasına görə millət vəkilinin şikayəti əsasında saxlanılıb. 

Onun üzərinə baxış zamanı "Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.
 
Əbülfət Baxşəli