20:12, 11 Oktyabr 2018 (Cümə axşamı) 116

SOCAR-BP sazişi parlamentdə müzakirə edilib

SOCAR-BP sazişi parlamentdə müzakirə edilib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Azərbaycanda geoloji kəşfiyyat işlərindən ötrü yeni hasilatın pay bölgüsü haqqında saziş (HPBS) parlamentdə müzakirə edilir.

"Azadlıq Radiosu"-nun xəbərinə görə, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin oktyabrın 11-də keçirilmiş iclasında bu saziş müzakirə mövzusu olub.

Komitə sədri Valeh Ələsgərov həmin "Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini təqdim edib.

O, qeyd edib ki, kontrakt sahəsi Xəzər dənizində çox riskli bir ərazidir. Həmin ərazidə heç bir vəsait xərcləmədən neft-qaz ehtiyatlarının aşkarlanması Azərbaycan dövləti və iqtisadiyyatından ötrü faydalı olacaq.

Komitə sədrinin bildirməsinə görə, kontrakt sahəsi 3 min 197 kvadratkilometr ərazini əhatə edir.

"Həmin ərazidə neft və qazın kəşf edilməsi həm bizim, həm də bu layihədə iştirak edən tərəflər üçün faydalı olacaq. Kontrakt sahəsi yerləşən ərazidə dənizin dərinliyi 110 metrdən 750 metrə qədərdir. Sahildə yerləşən ən yaxın yaşayış sahəsinə 65 kilometr məsafə var. Bu ərazidə kommersiya dəyəri olan neft və qaz aşkar edilib hasilat başlanana qədərki riskli dövrdə bütün maliyyə işlərini BP şirkəti həyata keçirəcək”, Valeh Ələsgərov söyləyib.

Onun məlumatına görə, layihənin işləmə, hasilat dövrü 25 il müddətində davam edəcək. Toplam hasilat 5 milyon tona çatana qədər mənfəətli neftin 70 faizi podratçı tərəflərə ödənilir. Toplam hasilat 10 milyon tondan çox olduqda mənfəətli karbohidrogenlər tərəflər arasında yarıbayarı bölünməlidir

Deputatlar qanun layihəsini bəyəniblər. Sonrakı mərhələdə sənəd Milli Məclisin plenar iclasında müzakirə olunacaq.