17:50, 10 Avqust 2018 (Cümə) 332

Türkiyə lirəsinin məzənnəsi tarixi minimuma çatıb

Türkiyə lirəsinin məzənnəsi tarixi minimuma çatıb
Avqustun 10-da Türkiyə lirəsinin məzənnəsi dollara nisbətən 13% enərək tarixi minimuma - bir dollara görə 6.1-ə çatıb.

Sonradan məzənnə bir qədər artaraq bir dollara görə 5,9 lirə olub, CNBC bildirib.

Ötən gün axşam Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, bu cür sıçrayışlar xalqı narahat etməməlidir. "Bizə qarşı müxtəlif kampaniyalar aparılır. Onlara fikir verməyin. Unutmayın: onların dolları var, bizim də xalqımız və Allahımız", - o vurğulayıb.

Lirənin avroya nisbətən məzənnəsi də sürətlə enib - 6,8 lirəyə qədər.

Türkiyə lirəsinin dəyərdən düşməsinə səbəb amerikalı rahib Endrü Bransonun işi ilə bağlı Türkiyə nümayəndə heyətinin ABŞ-a missiyasının baş tutmamasıdır. E.Branson FETO ilə əlbirlikdə ittiham olunaraq Türkiyədə həbs edilib. Ankara onu 2016-cı il dövlət çevrilişinə cəhdin təşkilatçısı hesab edir.

Bununla yanaşı Financial Times Avropa Mərkəzi Bankının Türkiyə iqtisadiyyatı ilə bağlı artan narahatlığından yazıb. Ölkədə inflyasiya artır, hökumət vəziyyətin dəyişməsilə bağlı addımlar atmır.

Ankara və Vaşinqton arasında münasibətlərin pisləşməsi, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sankiyalar da vəziyyətə ciddi mənfi təsir göstərir.///Turan