Türkiyənin Mərkəzi Bankı (TCMB) uzun müddətdən sonra 13 sentyabr tarixli qərarı ilə faiz dərəcələrini artırıb.
Verilən qərara əsasən uçot dərəcələri 6.25 faiz artırılaraq 17.75 %-dən 24%-ə qədər yüksəlib.
Bir müddət öncə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi polad və aliminium rüsumlarında artımları Türkiyə iqtisadiyyatına zərbə vurmuşdu. Bundan başqa, Türkiyədə milli valyutasının dəyər itirməsindən sonra ölkənin xarici borclanması ilə bağlı narahatlıq yaşanmışdı.
Rəsmi məlumatlara görə, Türkiyənin xaricdən cəlb etdiyi kreditlərin həcmi (rəsmi olaraq 466 mlrd.) yuvarlaq olaraq isə 500 milyard dollar təşkil edir ki, bunun da 310 milyard dolları özəl sektorun payına düşür, 130 milyard isə dövlət şirkətlərinin zəmanətlə aldıqları kreditlərdir.
Türkiyədə faiz artımları gələcək üçün nələr vəd edir?
İqtisadçı ekspert Məhəmməd Talıblı bildirib ki, Mərkəzi Bankın bu qərarı nisbətən gecikmiş qərardır.
İqtisadçı həmçinin qeyd edir ki, bu faiz artımı MB-ın son illərdə atdığı ən cəsarətli və müstəqil addımdır: "İndiki halda Mərkəzi Bankın faiz dərəcələrinin artırılmasına dair verdiyi qərar əli yanan insanın əlini ağzına basması kimi bir şeydir. Başqa heç bir halda Mərkəzi Bankın valyuta bazarına birbaşa təsir imkanı da yoxdur. Mərkəzi Bankın funksiyalarına daxil olan budur ki, bunu da etdi. Dünəndən başlayaraq bu addımdan sonra valyuta birjalarında 1 dollar 6,5 TL-dən 6,03-ə qədər düşüb. Bu yaxın həftələrin ən sürətli enişi hesab oluna bilər".
İqtisadçı hesab edir ki, bu qərarın valyuta bazarına təsir göstərməsinə baxmayaraq davamlı olmayacaq: "Düşünürəm ki, bu davamlı olmayacaq. Yəni avtopilota qoyularaq davamlı olaraq aşağı doğru enişlə getməyəcək. Mənim düşüncələrimə görə, Türkiyənin indiki iqtisadi gerilməsinin səbəbi monetar siyasətlə bağlı deyil, iqtisadiyyatın özünün konstruksiyası ilə bağlıdır. Müvəqqəti olaraq TL-nin dəyər qazanması istiliyi olan bir orqanizmanı bir dərmanla istiliyini müvəqqəti endirməyinə xatırladır".
"Analoji qərarın daxili sahibkarlar üçün yaradacaq çətinlikləri"
İqtisadçı deyir ki, atılan bu addım xarici investorları cəlb etməyə yönəlik olsa da, daxili sahibkarlara müəyyən çətinliklər doğuracaq: "Mərkəzi Bank bu addımla əslində yaxın həftələrdə sürətlənəcək inflyasiya yaradıcı amilləri nisbətən neytrallaşdırmağı düşündüyünü və bunu antiinflyasiya tədbirlərindən hesab edir. Bununla Mərkəzi Bank xarici investorlara da mesaj verməli oldu ki, lazım gələrsə biz faiz artımından çəkinmədən analoji qərarları verə bilərik. Lakin xarici investorların marağını cəlbetməyə çalışan bu addım, daxildə yerli sahibkarlar üçün də müəyyən çətinliklər doğurur. Belə ki, kredit faiz dərəcələrinin artımı real sektorun işlərini də çətinləşdirir. Ucuzlaşmaqda olan mal və xidmətlərin baza qiymətinin artması üçün əsaslar yaradır. Mərkəzi Bankın indiki halda verməli olduğu əsas mesajın xarici investorlara hesablandığının doğru tərəfləri də vardır. Çünki Mərkəzi Bank başa düşür ki, xarici investorlar "dollar daşıyıcısı” olaraq iqtisadiyyata güc qatıb ölkənin dollar gəlirlərinə tövhə verə bilər".
Son olaraq iqtisadçı bildirir ki, indiki halda Türkiyə iqtisadiyyatında 2 hərəkət kanalı daimnəzarət altında saxlanılmalıdır: "Sözü gedən hərəkət kanalının birincisi, idxal hesabına dollar axınını məhdudlaşdırmaq, digəri isə ixrac hesabına dollarla daxilolma kanallarını günişləndirməkdir".
Samirə Əliyeva
Toplum.Tv
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.