Fevralın 5-i gecə saat 23:32-də Azərbaycanda qeydə alınan zəlzələnin fəsadları tədricən bəlli olmaqdadır.
Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi zəlzələnin episentrinin Pirqulu stansiyasından 11 kilometr cənub-qərb istiqamətinə, İsmayıllı rayonu ərazisinə düşdüyünü qeyd edib.
Zəlzələnin episentrdə 6, kənar rayonlarda isə 5.3 bal gücündə hiss edildiyi açıqlanıb.
Azadlq Radiosu Şamaxı sakinlərinə istinadən məlumata verir ki,fevralın 5-dən 6-na keçən gecə rayonun həm qaz, həm də elektrik təminatında problem yaşanıb. Artıq fevralın 6-sı səhər saatlarında rayonun əksər yaşayış məntəqələrində həm elektrikin, həm də qazın verilməsinin bərpa edildiyi bildirilir.
Şamaxı şəhərindəki bir sıra marketlərin vitrinlərindəki malların aşdığı deyilir.
Həm Şamaxı şəhərində, həm də bəzi yaşayış məntəqələrində bir sıra evlərin, tiklilərin zəlzələdən xəsarət aldıqları qeyd edilir. Rayon sakinlərinin sözlərinə görə, uçqun və çatlar daha çox köhnə tiklilərdə özünü göstərir.
«Report» agentliyinin Şirvan bürosunun məlumatına görə, daha çox dağıntı rayonun Qəleybuğurd, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.
Agentliyin xəbərində həmçinin vurğulanır ki, Şamaxı Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ərazilərə baxış keçiriblər.
Şamaxıdakı vəziyyət ilə bağlı təcili yardıma 30 müraciət daxil olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən «Report» agentliyə deyiblər ki, fevralın 5-dən 6-na keçən gecə Şamaxı şəhərində xəstəxana gücləndirilmiş rejimdə çalışıb: «Bölgədə 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara travmatologiya şöbəsində lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın terapiya şöbəsində tibbi yardım göstərilib».
Nazirlikdən bildirilib ki, bir nəfərin həyəcandan dili tutulub: «Həmin şəxs də yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. 58 yaşlı bir şəxsin həyəcandan beyninə qan sızıb və reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir».
«Fevralin 5-də gecə saatlarında baş vermiş zəlzələ nəticəsində elə ciddi fəsadlar olmayıb».
Bunu Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər.
«Bir sıra yerlərdə, əvvəlcədən qəzalı olan evlərdə divarın uçması, hasarın aşması kimi hallar baş verib. Ölüm, tələfat, dağıntı müşahidə olunmayıb», - rayon icra hakimiyyətindən vurğulayıblar.
Zəlzələnin daha güclü hiss edildiyi deyilən İsmayıllının icra hakimiyyətindən də oxşar açıqlama veriblər. Oradan da bildiriblər ki, zəlzələ nəticəsində bəzi divarlar uçub, əvvəlcədən qəzalı olan evlərdə çatlar yaranıb, bəzi yerlərdə hasarların aşması kimi hallar qeydə alınıb, amma xoşbəxtlikdən insan tələfatı yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.